Mirəli Seyidovun Əziz Xatirəsinə

126

Dərin hüznlə bildiririk ki,
Mirəli (Mir-Əli) Mir Cəlal oğlu Seyidov — Azərbaycan Karate və Ciu-Citsu banisi, görkəmli müəllim və müdrik ustad dünyasını dəyişmişdir.

Mirəli Seyidov öz ömrünü tam şəkildə döyüş sənətlərinin inkişafına həsr etmiş, Azərbaycanda Karate və Ciu-Citsunun formalaşmasında və yayılmasında əvəzsiz rol oynamışdır. O, təkcə məşqçi deyil, həm də şagirdlərinə iradə, intizam, hörmət və insanlıq dəyərlərini aşılayan əsl Müəllim idi.

Onun idman yolu “Dinamo” cəmiyyətində başlamış, illər ərzində respublikada karate məktəbinin əsasının qoyulmasına mühüm töhfə vermişdir. Sonrakı dövrlərdə Mirəli Seyidov Azərbaycan Ciu-Citsu Federasiyasının yaradılmasına rəhbərlik etmiş və bu idman növünün ölkəmizdə inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur.

Yüksək dan dərəcələrinə və beynəlxalq nüfuza malik olmasına baxmayaraq, o, hər zaman sadə, prinsipial və işinə sadiq bir insan olaraq qalmışdır. Onun yetirmələri bu gün məşqçilər, çempionlar və ləyaqətli insanlar kimi ustadlarının yolunu davam etdirirlər.

Ağır xəstəliyinə baxmayaraq, ömrünün son günlərinə qədər sevdiyi sənətə bağlı qalmış, şagirdləri və döyüş sənətlərinin gələcəyi ilə yaşamışdır. Onun vəfatı Azərbaycan idman ictimaiyyəti üçün böyük və əvəzolunmaz itkidir.

Mirəli Seyidovun əziz xatirəsi onu tanıyanların, sevənlərin və yolunu davam etdirənlərin qəlbində daim yaşayacaqdır.
Allah ona rəhmət eləsin, məkanı cənnət olsun.

Onun əziz xatirəsini anmaq istəyən hər kəs
29 yanvar 2026-cı il tarixində saat 11:00-da Heydər məscidində iştirak edə bilər.